23 fevral 2010-cu il tarixdə Rusiya Federasiyasının dövlət bayramı “Den zaşitnika oteçestva” (Vətən müdafiəçisi günü) münasibəti ilə Rusiyanın Azərbaycandakı səfirliyində təntənəli surətdə tədbir keçirilmişdir. Tədbirdə səfirliyin dəvəti ilə Azərbaycanda fəaliyyət göstərən dünya dövlətlərinin diplomatik korpuslarının, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyyətinin üzvləri iştirak etmişdir. Tədbiri Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxin açaraq qeyd etdi ki, bu gün bizim üçün ikiqat bayramdır. Çünki, bu gün biz belə bir bayramı qeyd etməklə yanaşı Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevin 26 dekabr 2009-cu il tarixli 1486 saylı fərmanı ilə “DOSTLUQ” ordeni ilə təltif olunmuş MDB Hökumət Başçıları Şurası Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi üzrə Komitənin sədr müavini, “Döyüş Qardaşlığı” beynəlxalq veteran təşkilatının Ali Şurasının üzvü, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Vəliyev Məhəmməd Əli oğluna, onun layiq olduğu ordeni təqdim edəcəyik.
“DOSTLUQ” ordeni səfir Vladimir Dmitriyeviç tərəfindən təntənəli surətdə Vəliyev Məhəmməd Əli oğluna təqdim olundu. Təqdimatdan sonra Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Vəliyev Məhəmməd hazırki dövrdə Azərbaycan-Rusiya dövlətləri arasındakı dostluq münasibətlərindən və hər iki dövlətin veteran təşkilatları arasında qurulmuş geniş əlaqələrdən danışdı. O qeyd etdi ki, Rusiya Fedarasiyası Prezidenti Dmitri Medvedyevin imzası ilə aldığım bu “DOSTLUQ” ordeni tək mənim yox, mənim rəhbərlik etdiyim İctimai Birliyin fəaliyyət göstərməsində iştirak edən bütün üzvlərinin zəhmətinin məhsuludur. O, öz çıxışında ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə dövlətimizin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışdı. Çıxışının sonunda Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevə onu bu yüksək dövlət mükafatına layiq gördüyünə görə və səfir Vladimir Dmitriyeviçə bu mükafatı ona təqdim etdiyinə görə dərin təşəkkürünü bildirdi.
Təntənəli surətdə keçirilən bayram tədbirində səfir Vladimir Dmitriyeviç keçmiş beynəlmiləlçi döyüşçü, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətdə olan polkovniki Ramazanov Qasım Məhərrəm oğluna onun Əfqanıstanda olarkən təltif olunduğu lakin almadığı “Qırmızı Ulduz” ordenini təqdim etdi. |