Viktor Yermakov: "Ata-babalarınıza layiq olun"
Azərbaycanda İkinci Dünya Müharibəsində qazanılmış qələbənin 65 illiyi münasibətilə "Biz qələbənin varisləyirik" adlı beynəlxalq aksiyaya start verilib. Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını və iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun abidəsini yad ediblər. Daha sonra aksiyaya həsr olunmuş mərasim silahlı qüvvələrin təlim tədris mərkəzində davam etdirilib.
Tədbirə Rusiya, Ukrayna, Qazaxstan və digər ölkələrdən 30-dan çox nümayəndəsi qatılıb. Tədbir prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinin qeyd edilməsi üzrə milli proqram" çərçivəsində keçirilir. Aksiyanın iştirakçıları buna qədər Rusiya, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Belarusda olublar. Aksiya Azərbaycandan sonra digər postsovet respublikalarında davam etdiriləcək.
Rusiya Müharibə Veteranları Komitəsinin sədr müavini, istefada olan ordu generalı Viktor Yermakov bildirib ki, aksiyanın məqsədi bizə qələbə qazandırmış qəhrəmanların xatirəsini yad etmək və gəncləri-qələbənin varislərini ayağa qaldırmaqdır: "Siz ata- babalarınızın qazandığı yüksək ada layiqsiniz. Bu qələbənin 65 illiyinin yaxınlaşdığı bir vaxtda baş verir. Mən əminəm ki, bu qələbəni təkcə keçmiş SSRİ ölkələri deyil, eləcə də faşizmə qarşı vuruşmuş bütün dövlətlər qeyd edəcək. Mən sizi bu aksiyanın başlanması münasibətilə təbrik edirəm. Ata-babalarınıza layiq olun. Çünki siz qələbənin varislərisiniz".
ANS |